Eynilə bizə əbədi cənnəti vəd edən din xadimləri kimi müxtəlif yerdən danışan motivatorlarımız da bizə əbədi “özünü sevgini” vəd edir.

“İnsan özünü birdəfəlik və həmişəlik sevə bilərmi?” sualını bundan bir neçə il əvvəl eşitsəydim sözsüz “hə!” deyərdim, çünki özüm də bunun çatılabilinəcək bir dayanacaq olduğuna inanırdım.”Bir neçə il də öz üzərimdə işləyim, bütün komplekslərimi həll edim, özümü sevim, xoşbəxtliyin taxt-tacına çıxacam və əsla enməyəcəm”deyə düşünürdüm, ən azından saf qəlblə buna inanırdım.

Amma düzünü desək və spoiler versək bu mümkün olan şey deyil. İnsan özünü (həmişəlik) sevə bilməz.

Sənin gün boyu keçirdiyin hisslərin içərisində sevgi çox az yer tutur, bəlkə ayda bir dəfə həqiqətən xoşbəxt dəqiqələr keçirirsən. Real şəkildə həyatına geri dönüb baxsan görərsən: sən heç vaxt, heç nəyi və heç kimi fasiləsiz sevməmisən. Ən yaxın insanlarınla belə bəzən küsüb-dalaşa, hansısa xüsusiyyətlərinə görə onları qınaya ya da onlara qarşı soyuq hiss eləyə bilərsən. Bu fikirlərin kökünü və yaranma niyəsini bilməli olmağımızla yanaşı,ilk növbədə onların varlığına fikir verməliyik. “Mən özümü sevmirəm” demək üçün bir neçə saniyəsini ayırmalıdır insan başlanğıc üçün. Hərçənd, söhbət səndən gedirsə, bu mövzuda dayanıb düşünməyə layiq görmürsən özünü. “Sevmirəm sevmirəm də, yaşamağa davam!” deyib keçirsən. Onda bu nöqtədə deyə bilərik ki, sən üstəlik özünə hörmət də etmirsən, dəyər də vermirsən və hətta özünə nifrət belə duyursan, çünki olduğun pis nöqtədə olmağa özünü layiq bilirsən və hər cür köməyi özünə göstərməkdən imtina edirsən.

Görüldüyü kimi, içimizdəki “mən” bir dənə deyilmiş kimi bir təsəvvür yarandı. Çünki bizim bir mənimizin olmağıyla bərabər özümüzə də eynilə digər insanlara göstərdiyimiz kimi fərdi münasibət göstəririk. Dostunla, sevgilinlə, ailə üzvünlə olduğu kimi özünlə də bir münasibətin var. Başlanğıc olaraq bunu anlamalıyıq.

İkincisi, özümüzə yönəlmiş bu aqressiyanın, incikliyin (aqressiyanın altında çox vaxt inciklik yatır çünki) fərqinə varmalıyıq. “Mən özümü nəinki sevmirəm, hətta nifrət edirəm, özümə acıqlanıram, günahlandırıram, özümə qarşı məyusluq duyuram…” bu siyahını uzatmaq olar. Çünki özünü sevməmək sadəcə özünə qarşı sevgisizlikdən ibarət olmur, çox hallarda özünə qarşı tünd neqativ hisslərlə müşahidə olunur. Özünü və mənini iki ayrı insan kimi təsəvvür eləsək bu illüstrasiyadakı iki şəxs heç beş dəqiqə yola gedə bilməz, eyni otaqda oturmazdı. İnsanın özüylə küsülü olmağı necə dəhşətli bir şeydir! Eynilə bir evdə yaşadığın adama nifrət etmək kimi.  Bir-birinizi eşitmirsiz, bir-birinizə kömək etmirsiz, qayğınıza qalmırsız, belə bir ailə həyatı bizə cəhənnəm kimi görünərkən özümüzlə bu cür şəxsi münasibətdə olmaq sizcə də həll olunmalı bir problem deyilmi? Həyatımızı olduqca çətinləşdirmirmi?

İndi təsəvvür edək ki, güc-bəlayla bu “cütlüyü”bir otağa qoyduq. Sən və özünə nifrətin. Barış desək bu işə yaramaz, özünü sev desək, bu necə mümkün ola bilər? Qətiyyən olmaz! İki nəfərin konfliktini həll etməyin yolu problemi tapmaqdan başlayır. Sevmirsən, anladıq, niyə sevmirsən bundan danışaq? Bu məqamda çoxlu acı sözlər töküləcək ağzından böyük ehtimal. İstəyirəm ki, siz də özünüzünküləri bir vərəqdə yazasız və öz gözlərinizlə özünüzə olan münasibətinizi və hisslərinizi görəsiz. Amma mütləq diqqət edin ki, (bu çox vacibdir) özünüzə ünvanladığınız sözlər (hətta bir dosta məktub kimi də yazmaq olar) emosional yüklü təhqirlərdən ya da aşırı rasionallaşdırılmış guya ki “obyektiv” tənqiddən ibarət deyil, səmimi etirafdan, içini tökməkdən ibarət olsun.

Özümə məktub.

“Səni sevmirəm və heç vaxt sevməyəcəm, bundan əmin ola bilərsən. Həyatımı səninlə keçirməli olduğuma görə özümü bədbəxt hiss edirəm…Bilmirəm niyə sənə qarşı belə məyus hiss edirəm, sanki bütün başıma gələnlərin günahkarı sən və sənin axmaqlığınıymış kimi.Çox vacib bir tapşırığı alındıra bilməmisən kimi. Düzünü desək, bu başıma gələnlərdə gücüm təkcə sənə çatır, buna indicə fikir verdim. Sadəcə səni günahlandırıram. Halbuki sən hər şeyi idarə edə bilməzsən, hər şey bizdən asılı deyil axı, kənardakı insanların da, şəraitin də təsiri var. Sənin edə biləcəyin heç nə bu şəraiti dəyişə bilməzdi amma, nədənsə, bu, sənin məsuliyyətiniymiş kimi hiss edirəm, hər şeyi düzəltməyini gözləyirəm…

 Sənin də adi insan olduğunu unuduram, bəlkə də qarşına qoyduğum tapşırıqlar əlimizdə olan imkanlara görə mümkünsüz idi. Bəlkə də, bu, heç də sənin günahın deyildi. Hə, bir-iki nöqtədə atdığın addımlar bu nəticəyə gətirib çıxardı bizi, onları indi daha dəqiq görürəm. Bunların üzərində işləyə bilərik, gələn dəfə işbirliyi edə bilərik. Səni bağışlayıram, görürəm necə birisən və davranışlarına görə səni alçaltdığıma görə üzr istəyirəm. Bir yolunu tapa bilərik. Bir şeylər düşünərik. Mən səndən üz döndərməyəcəm”.

Dostlar, bu nöqtədə mənim üçün çox önəmli və şəxsi bir şeyi bölüşmək istəyirəm sizinlə. Ümid edirəm, özünüz üçün bir şeylər götürə bilərsiz bu sözlərimdən. Mənimözümə nifrətimin əsas qaynağı ailəmdəki insanlarla münasibətimdən yaranıb. Mən bunu illərdir bilirəm və hələ də bu əzbərlənmiş qısa yollardan qaçmağa çalışıram. Valideynlərimin arasında heç vaxt şəxsi hörmət olmayıb və bir-birilərinə (xüsusilə də atam anama) dəyər verməyib. Eynilə mənim də şəxsi münasibətlərimdəki qayğısızlığım, şəxsi sərhədləri aşmağım kimi. Anam çox özəl, gözəl və yaxşı insan olsa da şəxsiyyətində müəyyən infantilizm (yetişkinləşməmişlik, uşaq qalmaq) var. Bu onun ətrafındakı insanlarla münasibətində və həyatda aldığı bəzi yaxşı düşünülməmiş, uşaqca qərarlarda və reaksiyalarda özünü göstərir. Böyüdüyüm ailədə bu cür xüsusiyyətli birinə həmişə yuxarıdan aşağı, alçaldıcı baxışlarla baxılıb. Mən də bu rəftarı müşahidə etmişəm, uşaq ağlımla nəticə çıxarmışam və digərlərinə qoşulmaq qərarına gəlmişəm. Çünki olduğum mühitdə sağ qalmağın yeganə yolu adaptasiya olmaq və yıxılana bir təpik daha vurmaqdan ibarət olub təəssüf ki. Biz uşaq olanda situasiyaya uzaqdan baxa bilmirik, emosional təsirlərdən nəticə çıxardırıq və böyüdükcə və bu şeylər yadımızdan çıxdıqca geridə sadəcə ” həqiqət” hesab elədiyimiz inanclar qalır. Halbuki, bizim beyin adlı orqanımız müdrik deyil, onu nə ilə yemləsək onunla bəslənir, eynilə kompüterə yazılmış proqram kimi. Xüsusilə də, mənimizin formalaşdığı uşaqlıq illərində düşünüb gəldiyimiz nəticələr çoxlu təsirlərə məruz qalır.

Hekayəmin sonrasında nə baş verdi? Valideynlərim boşanıb bu arada, anamla yaşadığım illər mənim üçün müxtəlif çətinliklərlə dolu olub (hansı ki, hələ də davam edir). Yeniyetməlik illərimdə çox aqressiv və emosional idim, bütün baş verənlərə görə, atdığı hər addıma görə anamı günahlandırırdım. Necə belə ağlı havada, məsuliyyətsiz, eqoist ola bilir deyə düşünürdüm.Həmin illər bizim konfliktlərimiz də hədsiz çox olurdu. Daha sonra artan mübahisələrdən bezib bir müddət sonra hər şeyi içimdə boğmağa çalışdım. Və təxmin edə biləcəyiniz kimi aqressiyam sadəcə istiqamətini dəyişdi və özümə yönəldi. Artıq ətrafdakı istənilən tərsliyə görə mən günahkar olurdum, həmişə axmaq səhvlər edən, məsuliyyətsiz olan, eqoist olan mən olurdum və əlbəttə ki, bu cəhətlərimə görə cəzalanmalı və nifrət olunmalı, daşlanmalı idim. Çünki başqa yol bilmirdim. Sadəcə 4-5 il keçmiş olmağına baxmayaraq, onu deyə bilərəm ki, bu metod hələ ki, effektiv olmayıb, dostlar. Mənim özümlə barışmağım üçün anamla barışmağım, onu qəbul etməyim və sevməyim vacibdir. Həmin infantilizmdən, qərarsızlıqdan, asılılıqdan məndə də var çünki. Təsəvvür edin, homofob birinin gey olduğunu anlamağı kimidir bu şey. Hətta gey olmasa belə homofobların bundan dərin şəkildə qorxduğunu bilirik. Eynilə məndə də, istənilən səhv addımda, ağlı havada davranışımda bütün bu tünd hisslər yenidən baş qaldırır. Səhvlərimi özümə bağışlaya bilmirəm, çünki mənim gözlərimin önündə səhv edən insanlarla necə rəftar olunmalı olduğunun nümunəsi olub…

Mən bununla yaşaya ya da necə deyərlər “başını buraxa” bilərəm. Sözsüz həyatım necəsə öz axarında gedəcək. Amma bir gün öz ailəm olanda, övladlarımla münasibətimdə bu mütləq özünü göstərəcək və “lənət” nəsildən-nəsilə ötürüləcək. Çünki mənə qədər də bu davranış patternləri təkrar-təkrar canlandırılmışdı. Bu ötür-ötür oyununu bitirmək və öz ətrafımdakı yaxın insanlara və özümə ziyan vurmadan yaşamaq istəyirəm. Buna görə də, mənim “özümü sevməyə” motivasiyam var. Bu məqamda qayıdıb yuxarıda yazdığım “özümə məktubun” oxuyanda, onun, əslində mənə yönəlik olmadığının da fərqinə vardım.

Bilirəm ki, çoxlarının içində güclü müqavimət və problemlərlə üzləşməyə qarşı dirəniş mövcuddur. Bu dirəniş özünü müxtəlif müdafiə mexanizmləri şəklində göstərir: rasionallaşdırma (mən obyektiv şəkildə nifrətə layiqəm), inkar etmə ( bunun ailəmlə ya da digər mənim üçün əhəmiyyətli insanlarla əlaqəsi ola bilməz, yoxdur), əvəzetmə (stressinizi başqa yollarla yatırmağa çalışmaq) və s. Bu mövzular haqda ətraflı oxumaq üçün aşağıdakı mənbələrdən istifadə edə bilərsiz:

“A healthy self-relationship is the ability to value yourself as a person, and embrace your strengths and weaknesses,” said Julie Hanks, LCSW, a therapist and blogger at Psych Central. She’s realized that her strengths and weaknesses are two sides of the same coin. “I am a passionate and creative person and with those strengths comes the tendency to be disorganized and emotionally overwhelmed,” she said.

“It means simply considering yourself, every day,” Duffy said. That consideration includes self-care, self-respect, goodwill and self-love, he said. /https://psychcentral.com/blog/6-ways-you-can-have-a-healthy-relationship-with-yourself/

We use defense mechanisms to protect ourselves from feelings of anxiety or guilt, which arise because we feel threatened, or because our id or superego becomes too demanding.https://www.simplypsychology.org/defense-mechanisms.html

“I hate myself” is a sadly common critical inner voice that people of all ages struggle with. Where then, do thoughts like these come from? What Dr. Robert and Lisa Firestone have found in their research is that these thoughts originate in negative early life experiences. The way we are viewed growing up and the attitudes directed toward us shape how we see ourselves. Harmful views directed at us by parents or other influential caretakers are internalized to make up our self-image. Just as our parent’s positive attitudes toward us may lead us to develop self-esteem and confidence, their more critical attitudes can promote just the opposite.https://www.psychalive.org/i-hate-myself/