Öz təcrübəmdən başqa bölüşəcək dəyərli şeyim yoxdur və təcürbələrim içində ən dəyərlisi heç nəyin alınmaması hissi haqqındadır.

İnkişaf yavaş-yavaş baş verən prosesdir və mənə həmişə elə gəlir ki, məndə heç nə alınmır. Öz fikirlərimi müşahidə və sorğulamağı öyrənə bildiyimçün şanslıyam. İndi ağlıma “heç nə alınmır” gələndə dayanıb bir “həqiqətən?”-deyə bilirəm- “doğrudanmı heç nə yağlı hərflərlə alınmır məndə? Elə olsa qəribə olardı.”

Sonrakı saniyə ağlımdakı səs yenə başlayır danışmağa və aramızda belə bir dialoq keçir:

-Hə, amma alınsa da yaxşı alınmır,yarımçıqdır- burda başa düşürəm ki, mükəmməlliyyətçi mən danışır. Bu “mən” qınamaq, danlamaq və narazı olmaqdan başqa bir şey etmir, üstəlik bütün sistemimə gərginlik salır. Yenə də ondan qaça bilməyəciyim üçün danışığa girirəm.

-Yaxşı, bəs tam olsun deyə neynəyə bilərəm?- çaşıb qalır birinci, dialoqa girəcəyimi gözləmirdi yəqin.

-Bilmirəm, daha çox çalışmalısan, öyrənməlisən.

-Okay, onda hər şey tam olacaq?

-Düzü onda da yaradıcılığın çatışmayacaq, onu da öyrənməklə qazanmaq olmaz, gərək özündə olsun.

-Mən ilham almağın kömək elədiyini və yaradıcılıqda istedadın işin sadəcə 1%-i olduğunu düşünürəm.

-Məncə yox, sən heç vaxt yetəri qədər yaxşı olmayacaqsan.

-Elə olsun, mən razı. Yetəri qədər yaxşı olmaq istəmirəm.

-Həmişə özünə nifrət edəcəksən

-Çünki sən məni stressə salırsan, sussan əslində sakitəm.

-Mən sənin yaxşılığın üçün deyirəm, mən olmasam batacaqsan!

-Doğurdan? Səninlə də yarımçıq hiss edirəm və özün dedin ki, heç vaxt yaxşı ola bilməyəcəm. Elədirsə, niyə bununla barışmayım?

-Yox, yox elə olmaz. Onda səni sevməyəcəklər və əzməyə çalışacaqlar.

-Deməli, məni qorumağa çalışırsan?

-Əlbəttə, dedim axı, yaxşılığını istəyirəm. Yadında deyil? Ən zəif və həssas dönəmlərini xatırla, uşaq olduğun üçün, çox arıq, çox uzun, çox səssiz, gah da çox danışdığınçün nə qədər əzirdilər səni, həmişə tənqid edirdilər. Səhvlərini bağışlamırdılar, ilk fürsətdə yerə vurmağa çalışırdılar. Xatırla, özünü rahat buraxan kimi hardansa zərbə gəlirdi. Özünə arxayın ola bilməzsən, gərək dörd tərəfi də görəsən, bütün ehtimalları hesablayasan, ən optimal olanı seçəsən. Bu cür həyatda qalmağı öyrənmisən indi necə məndən əksini istəyə bilərsən? Əgər bütün işləri görməsən danlanacan, qiymətlərin aşağı düşsə qınanılacaqsan, uğurlu olmasan həyat səni uçuruma sürükləyəcək. İndi həyatda qazandığın hər şey çox çalışmağının bahasınadır, ətrafındakı insanlar səni maraqlı keyfiyyətlərinə, biliklərinə görə sevir.

-Çox qarışıq səslənir açığı. Amma anladım, sən durduq yerdə yaranmamısan, yaşadığım güvənsiz şəraitə uyğunlaşmağımın nəticəsisən və mən hələ də özümə güvənməyi öyrənməmişəm deyə səninlə sağollaşa bilmirəm. Hətta bunu deyərkən belə necə qorxduğumu hiss edirəm, sənsiz dünyam dağılacaqmış kimi oluram. Amma bilirsən mən nə düşünürəm? Uğursuz olmaqda ya da nədəsə pis olmaqda qorxulu bir şey yoxdur. Gördüyüm iş mənim dəyərimi ifadə eləmir. İnsan olaraq mənim dəyərim ayrıdır və bunun neçə kitab oxumuş olmağım ya da hansı layihələrdə iştirak etməyimlə əlaqəli deyil. Əgər kimsə məni buna görə sevir ya sevmirsə bu onun problemidir.

-Axı onda hamı sənə nifrət eləyəcək!

-hahah niyə nifrət edirləre? kim edəcək, məsələn?

-Nə bilim, valideynlərin, dostların, sevgilin.

-Valideynlərim həyatım boyu elədiyim şeylərin 1% ilə belə maraqlanmayıb və qohumlarım içərisində də özümü öldürsəm belə yenə də məni aşağı görməklə özünü ucaltmağa çalışan cılız insanlar olacaq. Onların diqqətini qazanmağa cəht etmək ömrümü boşuna xərcləmək olardı. Anam az-çox gördüyüm işləri dəyərləndirir, çəkdiyim fotoları sıxıcı hesab edir, olsun, mən onun üçün çəkmirəm ki. Hədəf kütləm deyil o, anamdır, mentorum deyil. Dostlarım isə məni mən olduğum üçün sevir, heç nə etməsəm də mənim yanımda olacaq 1-2-dənə də olsa dostum var. Keçmişdə toksik münasibətlərim də olub və özümü həyatımın hər sahəsində yetərsiz hiss etmişəm amma geriyə dönüb baxanda ən çox özümə haqsızlıq etdiyim üçün utanıram. Qarşıdakı insanlar buna dəyəcək möhtəşəmlikdə olmayıblar. Heç vaxt, məni tənqid edən insanların özləri mükəmməl olmayıblar. Bununla yaşaya bilərəm, əmin ol, sən məni içdən utandırmasan, qulağıma fısıldamasan qarşıdakı mənim üzümə gülsə də, göz süzdürsə də önəmsəməyəcəm. Amma sənin dediyin fikirlərə inandıqca, gərgin olduqca çöl dünyayla mübarizəm çətinləşir. İcazə ver çoxlu səhvlər edim, əmin ol, ölməyəcəm…

ardı mütləq olacaq.

Mən bir üzü ağamsa,

Bir üzü şərməndəyəm.

Mən özümün düşməni!

Hər gün çəkir çarmıxa

Öz içimdə mən, məni.

Mən özümçün həmişə

Baxdıqca sirri artan

Müəmmalı şəkiləm.

Özümə ittihamçı, özgəsinə vəkiləm.