Kitabların vacibliyi haqda çox eşitmişik. Xüsusilə də dərsliklərin, elmi, ensiklopedik kitabların ya da həyati, mədəni təcrübəmizə bir şeylər qatacaq romanların oxunmağı hamı tərəfindən intellektuallıq əlaməti kimi qəbul olunur.

Bəs kitablardan başqa necə faydalanmaq olar? Fantaziyamızı zorlasaq küçədə satılan tum dənələri üçün qab roluna qədər gedə bilərik uzağı. Bəs bilirdiz ki, kitablarla ruhu da müalicə etmək olar? Oxumağa davam edin. Aşağıda Kamil Həmidovun “Kitabla terapiya” adlı kitabçasından bəzi vacib hissələri götürüb sizinlə bölüşmüşəm.

wallup.net

BİBLİOTERAPİYANIN TARİXİ:

  • Romalılar inanırdılar ki, kitab oxumaq insanın psixi sağlamlığının normada qalması üçün çox faydalıdır.
  • Tarixçi Diodorus yazırdı ki, Antik Tibb kitabxanasının girişində “ruhun sağalma məkanı” yazısı yazılmışdır. 
  • 1272-ci ildə Qahirədə, Əl-Mənsur xəstəxanasında Qurani-Kərimdən tibbi müalicə üsulu kimi istifadə olunurdu.

Ephesus ancient greek writing

  • 1802-1810-cu illərdə Benjamin Ruş tərəfindən “biblioterapiya” üsulu irəli sürülür. B. Ruş deyirdi ki, biblioterapiya üçün romanlar dini mətnlərdən daha effektivdir. 
  • Kitabxanaçı və biblioterapist Ailise Brian kitabların psixi , şəxsi və həyati problemlərin həll olunmasında insanlara kömək edəcəyini bildirən bir məqalə yazır. 1939-cü ildə Amerika Kitabxana Birliyi qurulur. Biblioterapiya kitabxanaçılıqda rəsmi status qazanır.  

 

BİBLİOTERAPİYA NƏDİR?

Kitab vasitəsilə sağalmaq deməkdir. Standart qaydalara tabe deyildir. Digər terapiyalarla eyni məqsədləri daşısa da, bir sıra fərqlər özünü göstərir. Adətən, qrup şəklində, mütəxəssis psixoloqun müşaiyəti ilə aparılan terapiya növüdür (bu haqda ətraflı aşağıda yazılıb)

2803095425

BİBLİOTERAPİYANIN BİR SIRA XÜSUSİYYƏTLƏRİ :

  1. Fərdin sahib olduğu yanlış stereotipləri qırır, motivasiyanı gücləndirir.
  2. Bir sıra davranış pozuntularının korreksiyasında müsbət effekt göstərir.
  3. İnsanın xarakteri və davranışı ilə bağlı məlumat verir.
  4. Biblioterapiya emosional, psixoloji və fiziki problemlərin müalicəsində kitab mütaliəsini ön plana çəkir (depressiya, bulimiya, obsessiv-kompulsiv pozuntu, insomniya və s.).
  5. Hisslərin oxucu tərəfindən şüurlu şəkildə analiz olunmasına, obrazla insan arasındakı qarşılıqlı təsirə əsaslanan terapiya növüdür.
  6. İnsanın öz təbii, təməl tələbatlarını öyrənməsinə və bu tələbatların ödənilməsinə kömək edir…

20113665dac26dd03e7cc5613d57eab5

FAYDALARI:

  1. Özünü tanımaq, kəşf etmək;
  2. Şəxsin öz problemlərinin başqasında da ola biləcəyinin fərqində olması;
  3. Özünə və başqalarına qarşı anlayış;
  4. Emosional və zehni rahatlıq;
  5. Bir problemlemin alternativ yollarını bilmək;
  6. Yeni dəyərlər, davranışlar qazanmaq;
  7. Empatiya qura bilmək;
  8. Vərdiş və davranışları analiz etmək bacarığı və s. 

 

Bəs biblioterapiya necə keçirilir?

1949-cu ildə Karalin Şrodes öz doktorluq dissertasiyasında biblioterapiyanın psixoloji əsaslarını qeyd edir. Şordesə görə biblioterapiya aşağıdakı anlayışlara əsaslanır: 

-İDENTİFİKASİYA: 

Özünü obraz və hadisələrlə eyniləşdirmək. (Məs: ” Anna Karenina mənə çox oxşayır, eynən məndir!” və ya “bu tip şey mənim də başıma gəlmişdi!”) İdentifikasiya latınca identificare- müəyyənləşdirmək, müəyyən etmək mənasını verir, sosiallaşmanın vacib mexanizmlərindən biridir. Fərdin qrupa daxil olarkən sosial rolunu qəbul etməsində, qrupa aidliyin dərk olunmasında, sosial yönəlişlərin formalaşmasında özünü göstərir (“mən necə adamam?”).

mirror_motions_by_laurazalenga-d5snqor

Oxucunun digərlərinin həyatlarını yaşamaq, gerçəklikdə olmadığı müxtəlif vəziyyətlərdə olmaq imkanı yaranır. Öz şüurundan yeni duyğular və hisslər çıxarır. Başqa sözlə desək, kitabı vərəqləyərkən düşüncələrə dalaraq özünü yenidən kəşf edir.

İdentifikasiya iki cür ola bilir: daxili və xarici. Əgər, oxucu özünü qəhrəmanın yaşı, cinsi, milli kimliyi, sosial vəziyyəti və s. ilə eyniləşdirirsə bu onun başqasının şəxsi həyat təcrübəsi üzərindən özünü zənginləşdirmək imkanının məhdud olduğunu göstərir. Bir insanın mütaliə mədəniyyəti nə qədər yüksəkdirsə, onun üçün daxili tərəflər, qəhrəmanlar və müəlliflər ilə mənəvi əlaqələr daha vacib xarakter kəsb edir. 

-REFLEKSİYA: 

Öz hisslərinə konsentrasiya olmaqla özünün fikir və həyəcanlarını qiymətləndirmək, analiz etmək. Bu hissədə qəhrəmana qarşı empatiya, antipatiya duymağımız da vacib rol oynayır. (Məs: “Anna Karenina əriylə mübahisə edəndə mən də onun qəzəbini duyurdum”, “qəhrəman meşədə gedərkən mən də qorxu hiss edirdim”) Adətən, xarici ədəbiyyatda bu hissə katarsislə eyniləşdirilir.

Bu nöqtədə hisslərimizi analiz etməyimizə kömək edəcək bəzi suallarla özümüzü (başqasını, və ya kimsə bizi) yönləndirmək olar:

  1. Siz bu (diqqətinizi çəkən hər hansı bir) hissəni oxuyarkən hansı hissləri keçirirdiz?
  2. Təsəvvür edin ki, hadisələri kənardan izləyirsiz, sizinlə nə baş verir/nə hiss edirsiz?
  3. Bu qəhrəmanın yerində olsan nə hiss edərdin? və s.

-KATARSİS:

Oxu prosesi zamanı fantaziyalar oyanaraq həyatda yaşanan məqamlarla assosiasiyalara çevrilir, nəticədə oxucunun emosional gərginliyi artır. Təmizlənmə, ruhun yüksəlişidir. Aristotelə görə, faciə, qorxu, qəzəb, şəfqət, izləyicinin ruhi həyəcanını artırır və nəticədə onu “təmizləyir” (Məs: “Sonda Anna Karenina özünü qatarın altına atanda, bu, mənim üçün son damcı oldu, şırıl-şırıl ağlamağa başladım, real həyatdakı bütün romantikliyim, tənhalığım, ümidsizliyimlə bağlı idi bu”).

catharsisemotionalrelief2fpurification2fpurging2fclarificationthatanaudiencewassupposedtoexperienceuponviewingagreektragedy.

Adətən, Hollywood filmlərində də, qəhrəmanı izləyərkən bütün süjet boyu onunla yaxınlaşan izləyici sonda evinə qayıtmağı, sevdiyi birini itirdiyi səhnəni görəndə özünün başına gəlibmiş kimi reaksiya verir.

agreeableunlawfulindigobunting-size_restricted

-İNSAYT:

Oxucu obrazla özünün arasındakı əlaqəni başa düşür və real həyatdakı şəxsi problemlərlə daha effektiv mübarizə aparmağın yollarını düşünür. Bu nöqtədə öz həyatında nəyi dəyişməli olduğun haqqında müəyyən qədər aydın bir təsəvvür əldə edirsən. (“bəs sən olsan neynəyərdin?” və ya gələcəkdə bu tip hallarda neynəməyi düşünürsən?” məs: “mən başa düşdüm ki, sevgi hər şeydən önəmlidir, sevmədən evlənməyəcəm qətiyyən!” və s.)

tumblr_f4fa11756f8cc0f603eb2655b2393106_bce0b823_540

Kitabla terapiya qrup şəklində və ya təkbaşına aparıla bilər. Məsələn depressiyada olan bir insan psixoloqun məsləhət gördüyü əsərləri oxuyub özünə kömək edə bilər.

Art Terapiya ilə birləşdirərək biblioterapiyanı daha effektiv etməyin bir neçə üsulu var:

kitabla bağlı rəsmlər çəkmək, kitabdan yarımçıq hissəni tamamlamaq, əsərin qəhrəmanına məktub yazmaq, film ssenarisinə çevrilməsi, səhnələşdirilməsi, əsəri özünküləşdirərək yenidən yazmaq və s.

AZƏRBAYCANDA BİBLİOTERAPİYA

Bu məqalədə istifadə olunan bütün yazılar Kamil Həmidovun hazırladığı “Kitabla Terapiya” kitabçasından götürülmüşdür. K. Həmidov Azərbaycanda ilk dəfə qrupla biblioterapiya metodundan istifadə edən psixoloq, eyni zamanda Bakı Dövlət Universitetinin müəllimidir.

biblio.PNG

2018-ci ilin avqust ayından etibarən mütəmadi olaraq hər iki həftədən bir keçirilən görüşlərdə iştirak ödənişsizdir. Ətraflı məlumat üçün layihənin sosial şəbəkəsini izləyərək məlumat ala və istədiyiniz vaxt, qeydiyyatdan keçərək iştirak edə bilərsiz.

instagram: kitablaterapiya